Moldovada keçirilən futzal üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirak etdiyi yarışın final matçında Azərbaycan və Moldova milliləri üz-üzə gəlib.
Meydan sahibləri 31-ci dəqiqədə Andrian Laskunun qolu ilə hesabı açsa da, Zeynal Zeynalov matçın son dəqiqəsində bərabərliyi təmin edib – 1:1. Qalibin adına penaltilər seriyası aydınlıq gətirib ki, burada da Laskunun zərbəsi həlledici olub – 1:0. Yığmamızın üzvləri Vitali Borisov, Ramiz Çovdarov və Rizvan Fərzəliyev isə bu imkandan yararlana bilməyib.
3-cü yer uğrunda qarşılaşmada isə Yunanıstan Rumıniyanın Moldova vilayətinin regional komandasına qalib gəlib. 5:5 hesabı ilə bitən görüşdə Ellada təmsilçisi penaltilər daha dəqiq yerinə yetirib – 3:1.
Qeyd edək ki, yığmamız yarımfinalda Rumıniya təmsilçisini 6:3 hesabı ilə məğlub etmişdi.