Azərbaycan millisi 17 yaşadək futbolçular arasında Avropa çempionatlarının seçmə mərhələlərində yubiley – 70-ci oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, sabah Bosniya və Herseqovina yığması ilə baş tutacaq qarşılaşma komandamızın bu yarışda 70-ci görüşü olacaq.
Belçikadakı mini turnirin son oyun gününədək millimiz 69 seçə oyunda qüvvəsini sınayıb. İndiyədək 15 qələbə qazanan yığma 14 heç-heçə edib və 40 dəfə uduzub. 1994-cü ildə debüt etdiyi yarışda 60 qol vuran futbolçularımız 125-ni buraxıb.
Bu dəfəki görüş komandamızın mərhələ adlaması ilə nəticələnə bilər. Əgər Mirbağır İsayevin yetirmələri bunu bacarsa, 21-ci cəhddə 5-ci dəfə ilkin səddi keçəcək.
Bunadək yarışa qatıldığı 20 mövsümün yalnız 4-də mərhələ keçən yığmamız həmişə cüt illərdə sevinib. 2002, 2004, 2006 və 2008-ci illərdə əldə olunan uğuru 2014-cü ildə təkrarlamağa çalışan təmsilçilərimiz yubiley – 5-ci keçilən mərhələnin sevincini yaşaya bilər. Bununla son 5 mövsümdəki uğursuzluq da unudulmuş olacaq.