Final mərhələsi 2016-cı ilin 2-13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq futzal üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq püşkatma sentyabrın 26-da Bakı vaxtıyla 17:00-da baş tutacaq.
46 ölkənin komandasının mübarizə aparacağı seçmə mərhələ oyunlarında ilk dəfə olaraq Şotlandiya yığması da iştirak edəcək. İlkin mərhələdə 24 komanda 6 qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 2015-ci ilin 13-18 yanvar tarixlərində keçiriləcək. Qruplarda ilk yeri tutanlarla ən yaxşı ikinci komanda əsas mərhələyə vəsiqə qazanacaq.
Bu 7 komanda və reytinqi yüksək olduğu üçün əsas mərhələdən mübarizəyə qatılacaq 21 yığma növbəti raundda qüvvəsini sınayacaq. Əsas mərhələ oyunlarındakı 28 komanda 7 qrupda final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Bu mərhələnin oyunları gələn il martın 17-22-də keçiriləcək. Əsas mərhələdə qrup qalibləri ev sahibi Serbiya ilə birlikdə final mərhələsinə vəsiqə qazanacaqlar.
Qrupda ikinci yeri tutan komandalarla ən yaxşı nəticə əldə edən 3-cü biri-biriləri ilə pley-off oyunlarda üz-üzə gələcəklər. Pley-off oyunları sentyabrın 15-22-də keçiriləcək və 4 komanda final mərhələsində mübarizə aparacaq 8 komandaya qoşulacaqlar.
Qeyd edək ki, ilkin və əsas mərhələlərin oyunlarına ev sahibliyi edəcək şəhərlər də artıq müəyyənləşib. Azərbaycan yığması yer aldığı qrupun oyunlarına ev sahibliyi edəcək. Əsas mərhələnin həmin qrupunun matçları Bakıda baş tutacaq.