Millimiz üçün tanış hakim
27.02.2014 - 18:45
Millimiz üçün tanış hakim

Martın 5-də Azərbaycan və Filippin milliləri arasında keçiriləcək yoxlama oyununu idarə edəcək Fahad Al-Kassarın kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, BƏƏ-nin Dubay şəhərindəki qarşılaşmanın yerli baş hakimi 2011-ci ildən FİFA dərəcəsi daşıyır.

1973-cü il təvəllüdlü referinın tam adı Fahad Abdalla Ahmad Alkassar Banihammaddır. Bu hakim 2011-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının matçlarını da idarə edib.

Avropa yığmalarının oyunlarına da tez-tez təyinat alan Al-Kassar Azərbaycan millisinin matçlarında da iş başında olub. Ərəb referi yığmamızın 2012-ci ildə elə Dubayda keçirdiyi 2 görüşdə fit çalıb. Fevralın 24-də Sinqapur, 3 gün sonra isə Hindistanla qarşılaşmamızda ədaləti Al-Kassar qoruyub. İlk matçda 2:2 hesablı heç-heçə ilə kifayətlənən millimiz növbəti görüşdə 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, 20-dən artıq matçda fit çalan hakim ötən ay Norveç və Moldova arasında yoxlama oyununu idarə edib. AVRO-2016-nın seçmə mərhələsində rəqibimiz olan skandinaviyalılar həmin matçda 2:1 hesabı ilə qalib gəlib.