Millimizin baş məşqçisi: “Spartak” bizdən çox üstün oynadı
25.02.2014 - 09:51
Millimizin baş məşqçisi: “Spartak” bizdən çox üstün oynadı

“Çox çətin oyun oldu. Bunu bilirdik. Çünki təlim-məşq toplanışlarında biz həmişə güclü rəqiblərlə oyuna üstünlük veririk”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Mirbağır İsayev deyib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-17 fevralın 23-də “Side Star” otelinin idman kompleksində “Spartak”ın əvəzedici komandası ilə yoxlama oyunu keçirib. Millimiz rəqibinə 1:4 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolunu 70-ci dəqiqədə penaltidən Baxşəli Baxşəliyev vurub.

U-17-nin baş məşqçisi Mirbağır İsayev bu qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Bu, gələcəkdə futbolçularımızın öz yaşıdları ilə oyuna köklənməsinə, bugünkü səhvlərin həmin oyunlarda təkrarlanmamasına gətirib çıxaracaq. Növbəti təlim-məşq toplanışlarında da yüksək səviyyəli komandalarla qarşılaşmağa çalışacağıq. Bunun müsbət nəticəsini mütləq görəcəyik. “Spartak” bizdən çox üstün oynadı. Bizə də belə oyunlar lazımdır ki, komandanı sınaqdan keçirək. Daha əvvəl də qeyd etdiyim kimi, məqsədimiz Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizlə oyunlara hazırlaşmaqdır”.

Qeyd edək ki, “Spartak” qolların çoxunu azərbaycanlı oyunçularının iştirakı ilə vurub. Belə ki, 3-cü dəqiqədə Babayev hesabı açıb. 9-cu dəqiqədə Səmədov öz qapısına yol tapıb. Daha sonra vaxtı ilə millimizə çağırılan Rəhim Sadıqovun cərimə zərbəsindən sonra Yejov (16) topu birbaşa “doqquzluğ”a göndərib. “Spartak”ın son qolunu isə Qloba (38) vurub.