AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığması cəzalanıb. Apasport.az saytının məlumatına görə, balkanlılar seçmə mərhələnin iyunun 12-də İtaliya ilə evdə baş tutacaq oyununu boş tribunlar önündə keçirəcək.
Buna xorvatiyalı azarkeşlərin martın 28-də Norveçlə Zaqrebdəki qarşılaşmada yol verdiyi hərəkətlər səbəb olub. UEFA Zaqrebdəki matç zamanı baş verənləri araşdırıb, meydan sahiblərini cəzalandırmağı lazım bilib. Fanatların skandinaviyalılara qarşı irqçi şüarlar səsləndirməsi və pirotexniki vasitələrdən istifadə etməsi üzündən Xorvatiya Futbol Federasiyası 50 min avro cərimə də ödəyəcək.
Qeyd edək ki, Xorvatiya Norveçlə oyunda 5:1 hesabı ilə qalib gəlib.