Millimizin ulduz potensiallı futbolçusu müəyyənləşdi
05.05.2016 - 14:12
Millimizin ulduz potensiallı futbolçusu müəyyənləşdi

Bu gün start götürən 17 yaşadək futbolçular arasında Avropa çempionatında parlayacağı gözlənilən oyunçuların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycanda keçirilən final mərhələsində gələcəyin ulduzları ilə bağlı ehtimallarını açıqlayıb.

 

Qurum yarışda iştirak edən 16 yığmanın hərəsinin bir belə üzvünü fərqləndirib. Azərbaycan millisinin heyətindən gələcəyin ulduz yığmasına Fərid Nəbiyev daxil edilib. “Qəbələ”nin hücumameylli yarımmüdafiəçinin meydanı görmə qabiliyyətini önə çəkən UEFA onun üstün cəhətlərinə də toxunub. Fərid hər iki ayağı ilə oynamağı bacarır, standart vəziyyətlərdə rəqib üçün təhlükəli olur.

 

Yığmamızın sabiq futbolçusu Renat Dadaşov da 16 perspektivli sırasındadı. Əvvəl millimizin, indi isə Almaniya yığmasının şərəfini qoruyan hücumçu Bundestimin ən parlaq gələcək vəd edən üzvü sayılıb.

 

Siyahıda bu iki oyunçu ilə yanaşı, Mayl Svilar (Belçika), Joze Qomeş (Portuqaliya), Liam Bart (Şotlandiya), Romano Şmid (Avstriya), Nedin Hadziç (Bosniya və Herseqovina), Sergey Buletsa (Ukrayna), Yens Odqard (Danimarka), Reys Nelson (İngiltərə), Alban Lafont (Fransa), Yozef Kolli (İsveç), Moys Kin (İtaliya), Teyt Çonq (Hollandiya), Dejan Yoveliç (Serbiya), Oriol Buskets (İspaniya) da yer alıblar.