“Millinin düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.
“Neftçi”nin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib. Klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılaraq əvəzedici komandaya göndərilən yarımmüdafiəçi bu haqda danışıb: “Sumqayıt”la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyari olaraq səhv reaksiya verdim. Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha “Neftçi” azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm”.
Qeyd edək ki, Topaz Premyer Liqasının dünən keçirilən “Sumqayıt” – “Neftçi” oyununda kamerunlu hücumçu Ernest Nforun 12-ci dəqiqədə vurduğu qol bakılılara qələbə qazandırıb.