“Çelsi” klubunun baş məşqçisi Joze Moirinyo PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanacağına əmindir. Apasport.az saytının məlumatına görə, Mourinyo bu komandanın Çempionlar Liqasında qalib gələ biləcəyini də istisna etməyib.
Xatırladaq ki, parislilər 1/8 finalda Almaniya “Bayer”inə 4:0 hesabı ilə qalib gəliblər. Portuqaliyalı mütəxəssisin fikrincə, bu hesab alman komandasına şanslarını heçə endirib: “Onlar artıq 1/4 finaldadırlar. Birinci oyunun nəticəsi buna şübhə yeri qoymur. Onların çox gözəl oyunçuları, təcrübələri var. Milli çempionat onları yormur. Onlar fəaliyyətdə olan çempiondurlar və hazırkı mövsümdə də vəziyyətə nəzarət edirlər. Güman edirəm ki, onlar Çempionlar Liqasında qalib gələ bilərlər”.