Mövsümün rekordu qırıldı, “Neftçi”nin uğuru təkrarlandı
31.03.2014 - 16:25
Mövsümün rekordu qırıldı, “Neftçi”nin uğuru təkrarlandı

Topaz Premyer Liqasının XXVIII turunda “Qəbələ”ni məğlub edən “Qarabağ” bir neçə rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.

 

Belə ki, Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. “Neftçi” (4:1), “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub edən “Qarabağ” mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.

 

Yeri gəlmişkən, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur – 20 qələbə.

 

“Qarabağ”ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız “Neftçi” belə nailiyyətlə fərqlənmişdi.

 

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç isə ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. “Quru” seriyasını 367 dəqiqəyə çatdıran Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.

 

“Quru” seriyaya əsasən mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.

 

1. Fərhad Vəliyev (“Qarabağ”) – 554

2. Pavel Kapsa (“Simurq”)– 505

3. İbrahim Şehiç (“Qarabağ”) - 367

4. Kamran Ağayev (“Bakı”) – 360

5-6. David Pietrzkeviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335

0