Niko Kovaç: Azərbaycanla qarşılaşmaq çox maraqlı olacaq
25.02.2014 - 12:54
Niko Kovaç: Azərbaycanla qarşılaşmaq çox maraqlı olacaq

“Qrupumuzun tərkibindən olduqca məmnunam. Obyektiv danışsaq, italiyalılar və biz qrupda favoritik. Buna baxmayaraq, Norveç, Bolqarıstan, Azərbaycan və Malta ciddi rəqiblərdir”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

 

Millimizin 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan Xorvatiya millisi qrupdan çıxmağa əsas favoritlərdən göstərilir. Bu il Braziliyada keçiriləcək dünya çempionatına komanda aparacaq Kovaç qrup haqda müsbət fikirdədir: “Bizim fərqli oyun üslublarına uyğunlaşmamız lazım gələcək. Bu çox maraqlı olacaq. Ancaq mən kifayət qədər optimistəm və seçmə mərhələyə kimi işlər qaydasında getsə, bu haqda müsbət fikirdəyəm”.

 

“Bavariya”nın sabiq futbolçusu olmuş 42 yaşlı mütəxəssis növbəti AÇ-də çoxlu komandaların iştirak etməsinin yaxşı hal olduğunu bildirib: “Fikrimcə, bu həqiqətən də yaxşı qərardır. Bəzi komandalar asanlıqla Avropa çempionatına çıxsa da, millilərin çoxu AÇ-yə vəsiqə qazanmaq imkanı əldə etməyib. Ona görə də düşünürəm ki, düzgün qərar çıxarılıb. Çünki həmin komandaların azarkeşləri də sevinə biləcək. Bundan başqa, hesab edirəm ki, qitə birinciliyinin 2016-cı ildə Fransada keçirilməsinin özü bir inkişafdır”.