“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının V turunda “Neftçi” ilə üz-üzə gələcəksiniz. Bu oyunla bağlı fikirləriniz necədir?
- Hamımız bilirik ki, bu komandalar arasında böyük rəqabət var. Ona görə də bu oyunda bizim qələbə qazanmağımız lazımdır. Bundan başqa, yaxşı komanda olsaq da, ilk turlarda boş yerə xallar itirdik. Həmin xalları da bərpa etməyimiz lazımdır. “İnter”, “Qəbələ”, “Neftçi”, “Qarabağ” kimi komandalara qarşı yaxşı oyun göstərməliyik və xal fərqini aradan qaldırmalıyıq. Bu səbəbdən “Neftçi” ilə oyun çox önəmlidir.
- “Xəzər Lənkəran”ın baş məşqçisi kimi ilk “Böyük oyun”a çıxacaqsınız. Bu sizdə xüsusi bir hiss yaradırmı?
- Təbii ki, ayrıca bir hiss var. Türkiyədə “Qalatasaray” – “Fənərbaxça” oyunları derbi sayılır, burada da “Neftçi” – “Xəzər Lənkəran”. Belə oyunlara çıxarkən böyük bir həyəcan olur. Mən də indi baş məşqçi olaraq, “Neftçi” ilə “Böyük oyun”a ilk dəfə çıxacam. Bu qədər önəmli bir oyunda qalib gəlmək çox gözəl olar. Buna görə də həm mən, həm də futbolçularım bu oyuna xüsusi hazırlaşırıq.
- Premyer Liqanın son turunda “İnter”i məğlub etdiniz. Uğursuz seriyadan sonra belə bir qələbə derbi oyununa təsir edəcək?
- Əlbəttə ki, təsir edəcək. Çünki “İnter” Azərbaycanın ən güclü klublarından biridir. Xüsusilə onların müdafiə xətti çox yaxşıdır. Bu komandanı məğlub etmək heç bir komanda üçün asan deyil. Çünki Kaxaber Sxdadaze yaxşı komanda yaradıb. İlk 3 oyundakı uğursuz seriyadan sonra “İnter” üzərində qələbə komandamızda özünəinam yaratdı. Futbolçuların özlərinə olan güvəni artdı. Mən həmişə demişəm ki, biz yüksək motivasiya ilə oynadıqda bütün komandalara qalib gələ biləcək gücdəyik. “Neftçi” ilə oyundan öncə bu qələbə bizə müsbət təsir edəcək.
- “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Böyükağa Hacıyevi Arif Əsədov əvəzlədi. Bu sizin üçün üstünlük sayıla bilər?
- Bu bizim üçün üstünlük deyil. Deyirlər ki, “Neftçi”də problem var, baş məşqçi dəyişdi və başqa hadisələr baş verir. Bunlar hamısı “Xəzər Lənkəran” üçün üstünlük sayıla bilməz. Bir komandada baş məşqçi dəyişirsə, o komandanın motivasiyası yüksəlir. Çünki yeni gələn məşqçi uğur qazanmaq istəyir. Onlar bizə qarşı aqressiv bir oyun oynayacaqlar. Biz baş məşqçi dəyişikliyi və ya digər məsələləri düşünməməliyik. Çünki motivasiyamızı itirə bilərik.
- “Böyük oyun” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Matçın belə bir stadiona salınması düzgün qərar idi?
- Oyunun keçirilmə yerinin dəyişdirilməsi, canlı yayımlanmaması və digər məsələlər bu oyun ətrafında söz-söhbətləri böyüdür. Buna görə də biz çox diqqətli olmalıyıq. Baş verənlər “Neftçi”nin bu oyuna nə qədər önəm verdiyinin göstəricisidir. Heç bir şəkildə özümüzü itirməməliyik. Çünki qarşımızda bizi məğlub etmək üçün hər şeyi edən bir komanda olacaq. Əgər qarşılaşmanın ətrafındakı söz-söhbətlərə fikir verməyib meydana çıxsaq, bir problem yaşamayacağıq.
- “Xəzər Lənkəran” azarkeşləri də məlum qadağaya görə stadionda olmayacaqlar...
- Komandalar arasındakı rəqabətə görə azarkeşlərə qadağa qoyulub. Bu heç də xoş durum deyil. Belə vəziyyətdə “Xəzər Lənkəran” daha çox şey itirən tərəfdir. Çünki bizim Bakıda kifayət qədər tərəfdarımız var. Əgər əksinə olsaydı, azarkeşlərimiz stadionu dolduracaqdılar. Amma bunu düşünmək lazım deyil. Çünki qərar dəyişməyəcək. İstər azarkeşlərimiz meydanda olsun və ya olmasın biz onlar üçün qalib gəlməliyik. Öz gücümüzü ortaya qoymalıyıq.
- Sadio Tounkara komandaya gec qoşuldu. Bu oyunda o meydana çıxa bilər?
- Onun heyətimizə gec qoşulması bir sıra problemlərə yol açdı. Məşqlərdə Tounkaranı nə qədər yükləsək də, o, tam hazır deyil. Amma ola bilər ki, matçın bir hissəsində meydan çıxsın. Bu barədə hələ ki, düşünürük.
- Bundan sonra “Xəzər Lənkəran” ev oyunlarına da Bakıda hazırlaşacağı barədə xəbərlər yayılıb. Bu xəbərlər doğrudur?
- Yox, mütləq Bakıda hazırlaşacağıq kimi bir qərar yoxdur. Bu barədə xüsusi bir qərar verməmişik. Amma biz istəmədən də paytaxtda daha çox vaxt keçiririk. 6 komandanın burda olması, digər səfərlərə də buradan getdiyimiz üçün belə alınır. Amma ev oyunlarımız üçün mütləq paytaxtda hazırlaşacağımız haqqında xəbərlər doğru deyil. Ola bilər ki, məsələn, matçlara burda hazırlaşıb, oyundan 2 gün öncə Lənkərana gedək. Bu qanun deyil. Ola bilər ki, 5 gün öncə gedib, doğma şəhərdəki qarşılaşmaya elə orda hazırlaşaq. Bunlara duruma görə qərar verəcəyik. Futbolçuları da düşünmək lazımdır.
Elsevər MƏMMƏDOV