Xorvatiya ilə AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək oyun Azərbaycan yığmasının tarixində 210-cu qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız AVRO-2016-nın seçmə mərhələsinin 3-cü matçınadək 209 oyunda qüvvəsini sınayıb.
Osiyek şəhər stadionunda baş tutacaq qarşılaşmayadək 38 qələbə qazanan yığmamız 56 dəfə heç-heçə ilə kifayətlənib. 115 dəfə meydanı başıaşağı tərk edən millimiz 95-ci məğlubiyyətsiz oyunun intizarındadı. Komandamızın futbolçuları bu görüşlərdə 148 dəfə rəqib qapısına yol tapıb. Bu görüşlərdə qapıçılarımız 358 topun buraxılmasına üzülüb.
2014-cü ildə 7-ci qarşılaşmaya çıxacaq komandamız 5 matçlıq qələbə həsrətinə son qoymaq arzusundadı. Filippin üzərində 1:0 hesablı qələbədən sonra 5 oyuna çıxan komandamız ABŞ (0:2), Özbəkistan (0:0), Rusiya (0:4), Bolqarıstanla (1:2), İtaliya (1:2) ilə qarşılaşmalarda azarkeşlərinə sevinc bəxş etməyib. Son 3 görüşdə uduzan yığmamız məğlubiyyət seriyasına da son qoymalıdı.
Komandamız seçmə mərhələlərdə 101-ci oyuna çıxacaq. Bunadək 100 belə matç keçirən millimiz 9 qələbə qazanıb, 19 heç-heçə etdiyindən hər iki göstəricidə yubileyin astanasındadı. Yığmamız bu matçlarda 72 dəfə uduzub. Seçmə oyunlarda 50 qol vuran futbolçularımız 218 top buraxıb.
Avropa çempionatlarının seçmə oyunlarında isə yığmamızın hesabında 5 qələbə, 6 heç-heçə və 41 məğlubiyyət var. Top fərqi də rəqiblərimizin xeyrinədi – 31:133.
Xorvatiya ilə görüş Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun bu postda 71-ci qarşılaşması olacaq. 2008-ci ilin yazından yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 70 qarşılaşmada komandanın “sükanı arxasında” olub. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 33 məğlubiyyəti var. Foqts 56 qolun sevincini yaşayıbsa, rəqiblər isə millimizin qapıçılarını 98 dəfə məyus edib. Balkanlılar iki qol vursa, almaniyalının 100-cü üzüntüsü qeydə alınacaq.
Mütəxəssis 32 seçmə oyununda iş başında olub. Foqtsun rəhbərliyi altında komandamızın hesabında 4 qələbə, 9 heç-heçə və 19 məğlubiyyət var. Osiyekdəki istənilən nəticə onun üçün yubiley əhəmiyyəti kəsb edəcək. Almaniyalının yetirmələri seçmə mərhələlərdə 23 qol vurub, 55-ni buraxıb.