Qalin İvanovun müəllimə nişanlısı: Gördüyüm andaca ona vuruldum - MÜSAHİBƏ, FOTOSESSİYA
16.11.2014 - 00:00
Qalin İvanovun müəllimə nişanlısı: Gördüyüm andaca ona vuruldum - MÜSAHİBƏ, FOTOSESSİYA

“Xəzər Lənkəran” klubunun bolqarıstanlı futbolçusu Qalin İvanovun nişanlısı Dilyana Petrovanın apasport.az saytına müsahibəsi

 

- Gələcək həyat yoldaşınız Azərbaycanda, siz isə Bolqarıstanda yaşayırsınız. Sevgililərin bir-birindən aralı düşməsi çətin deyil?

- Düz deyirsiz, sevdiyin insandan ayrı yaşamaq çox çətindi. Amma bu çətinliyin öhdəsindən gəlməyi bacarırıq.

 

- Necə?

- Hərdən ölkənizə gəlib, Qalinlə görüşürəm. Təbii ki, mən də günümü sevgilimlə keçirmək arzusundayam. Amma bildiyiniz kimi, nişanlım futbolçudu, karyerasını bir müddət Azərbaycanda davam etdirməlidi. Mən bunu başa düşürəm. Futbol onun işidi.

 

- Nişanlınızın iş yeri olan Azərbaycan haqda fikirləriniz necədi?

- Çox gözəl. Düzdü, ancaq Bakını görmüşəm. Xəzər dənizinin sahilində olması paytaxtınıza əlavə gözəllik verir. Bakını ilk dəfə görən insanda Azərbaycan haqqında xoş təsəvvür yaranır. Bir sözlə, ölkənizi sevdim.

 

- Bəs sevgilinizə daha yaxın olan sevdiyiniz şəhərdə yaşamağınıza mane olan nədi?

- Qalinin işi başqadı, mənimki başqa. Bu səbəbdən hələlik ayrı yaşamağa məcburuq. Digər tərəfdən, mənim vətənim Bolqarıstandan kənarda yaşamaq fikrim yoxdu.

 

- Qalinə olan sevginiz futbolla bağlıdı, yoxsa...

- (gülür) Siz “İlk baxışdan məhəbbət” barədə nəsə eşitmisiz?

 

- Əlbəttə...

- Bax, elə bizdə də belə olub. Qalini gördüyüm andaca ona vuruldum.

 

- Bəs ilk məhəbbətinizin təməli harda və necə qoyulub?

- Bu haqda danışmasaq yaxşıdı.

 

- Belə çıxır ki, futbola marağınız çox azdı...

- Belə də... Yalnız nişanlımın oynadığı görüşlərə baxıram.

 

- Qalin “Xəzər Lənkəran”a transfer olunmazdan öncə Azərbaycanı tanıyırdınız?

- Tanıyırdım deyəndə ki, yalnız xəritədə görmüşdüm, harda yerləşdiyini bilirdim. Başqa məlumatım yox idi. Amma indi ölkəniz barədə çox şey bilirəm. Azərbaycanlılar mehriban, istiqanlıdılar.  

 

- Sevgilinizin tanımadığınız ölkənin komandasından təklif aldığını eşidəndə, reaksiyanız necə oldu?

- Qalinə bir neçə təklif vardı. O, “Xəzər Lənkəran”ı seçərkən, “Azərbaycan klubundan gələn təklif digərləri ilə müqayisədə daha yaxşıdı” dedi. Beləcə, “Xəzər Lənkəran”a üstünlük verdi. İndi hər şey yaxşıdı və heç nədən narazı deyilik. Əsas olan da onun karyerasının istədiyi kimi davam etməsidi.

 

- Bakıya gəldiyinizi dediniz. Bəs Lənkəranı görmüsünüz?  

- Hələlik yox, amma çox istərdim.

 

- Bakıdan fərqli, Lənkəranda xanımların açıq-saçıq geyinməsi yaxşı qarşılanmır. Bunu önə görə dedik ki, elə sizin də sosial şəbəkələrdə xeyli açıq-saçıq şəkilləriniz var. Bu, Qalində qıcıq yaratmır?

- Mən model deyiləm, amma jurnallardan gələn təkliflərdən imtina etmirəm. Çünki bu işi sevirəm. İşim isə tam başqadı. Bolqarıstanda universitetlərin birində müəlliməyəm, eyni zamanda parlamentində çalışıram. Sadəcə, sevdiyim üçün bəzən jurnallar üçün belə pozalar verirəm. Amma bu, Qalinin məni qısqanması üçün səbəb deyil. Çünki həqiqətən məni sevirsə, inanmalıdı. Heç vaxt da şəkillərimə görə ondan hər hansı bir irad eşitməmişəm.

 

- Nişanlınızın Azərbaycan mətbəxi ilə arası necədi?

-  Heç bir narahatçılıq yoxdu. Düzdü, Azərbaycan mətbəxinin xüsusi yeməkləri var. Ərzaqlardan fərqli istifadə edirlər.

 

- Həmin təamları hazırlamaq üçün cəhd etmisiz?

- Yox. İnanmıram ki, bunu bacaram (gülür).

 

Elsevər MƏMMƏDOV