Futzal üzrə Azərbaycan millisi Qazaxıstan üçün arzuolunmaz rəqibdi. Apasport.az saytının məlumatına görə, bunu komandanın braziliyalı baş məşqçisi Kakau açıqlayıb.
Cənubi amerikalı mütəxəssis Avropa çempionatının pley-off mərhələsinin iyunun 10-da keçiriləcək püşkatması ilə bağlı istəklərini dilə gətirib.
Kakau kor püşk zamanı hansı komandanın rəqib olmasını istədiyini açıqlamasa da, arzulamadığı yığma kimi Azərbaycan millisini vurğulayıb: “Kimisə istədiyimiz demək çətindi. Mənə daha çox Macarıstan yığması tanışdı. Çexiyada baş məşqçinin köməkçisi olduğum vaxt bu komandanın oyununu öyrənmişəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycanla düşmək istəmərəm”.
Qeyd edək ki, pley-off mərhələsinin iyunun 10-da atılacaq püşkü zamanı Azərbaycan, Qazaxıstan, Bosniya və Herseqovina, Macarıstan, Belarus, Çexiya, Slovakiya, Rumıniya 4 cütlük təşkil edəcək. Sentyabrın 15-22-də baş tutacaq qarşılaşmaların qalibləri 2016-cı il fevralın 2-13-də Serbiyanın paytaxtı Belqradda baş tutacaq qitə çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.