Avropa Liqasının qrup mərhələsinin IV turunun “Dnepr”lə qarşılaşması Qurban Qurbanov üçün dördqat yubileylə yadda qaldı. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın baş məşqçisi 2 müsbət, 2 mənfi yubileyə şahid olub.
Ukraynalılarla qarşılaşma 42 yaşlı mütəxəssisin avrokuboklarda 40-cı oyunu idi. Bu matçların ikisi “Neftçi”, 38-i “Qarabağ”ın baş məşqçisi kimi baş tutub.
Bu görüşlərdə 20 qələbə, 10 heç-heçə görən Qurbanov 10-cu dəfə məğlubiyyət acısı yaşayıb. Çalışdırıcı ağdamlılarla 9, bakılılarla 1 dəfə üzülüb.
Leroy Corcun vurduğu qol isə baş məşqçinin avrokuboklarda gördüyü 50-ci topdu. Bunların 47-si “Qarabağ”, 3-ü “Neftçi”nin hesabındadı.
“Dnepr” həm də Qurbanova baş məşqçilik karyerasının 60-cı məğlubiyyətini yaşadıb. Bunların 53-ü “Qarabağ”, 7-si “Neftçi”də qeydə alınıb. 10 dəfə avrokuboklarda uduzan mütəxəssis 45 dəfə Premyer Liqa, 5 dəfə kubokda məğlubiyyət acısı yaşayıb.