Qurban Qurbanov: Sabah hücumçu axtaracağıq
07.03.2014 - 16:03
Qurban Qurbanov: Sabah hücumçu axtaracağıq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

 

- İcraiyyə Komitəsinin iclasında hansı təklifləri səsləndirdiniz?

- Fikrimi qısa bildirdim. Çünki bir müddət əvvəl AFFA-da məşqçilərlə görüş zamanı müxtəlif təkliflər irəli sürülmüşdü. Təklif ondan ibarət oldu ki, limit 7+4 olsun. Bundan başqa, gənc futbolçuların yetişdirilməsi üçün ayrıca klub yaradılsın və həmin komanda Premyer Liqada iştirak etsin. Belə olan zaman daha çox futbolçu yetişdirmək olar. Həm də bu gün əksər klublarda 21 yaşadək futbolçuların əksəriyyəti yarımmüdafiə xəttində çıxış edir. Sabah biz hücumçu və ya müdafiəçi axtarmalı olacağıq. Bu gün Azərbaycanda yerli futbolçuların sayı azdır. Amma yaxın 2-3 il ərzində yaxşı oyunçuların yetişəcəyinə inanıram. Bu təklifi ona görə etdim ki, çempionatın səviyyəsini qoruyub saxlamaq lazımdır.

 

- Gənc futbolçulardan təşkil ediləcək komanda Premyer Liqada hansı effekt verəcək? Onlar rəqibləri üçün asan “yem” olmayacaqlar?

- Onların o qədər də zəif olacaqlarını düşünmürəm. Bu gün “Sumqayıt”da 21 yaşlı futbolçular istənilən qədər deyil. Yaşı kiçik, eləcə də böyük olanlar da var. Əgər təklif etdiyim klub yaradılsa, biz də perspektivli futbolçularımızdan bir neçəsini icarə əsasında orada oynamağa göndərə bilərik. Yəni onlar oynadıqca təcrübələri artacaq, mübarizə apara biləcəklər. Yaxşı məşqçinin, sistemin olması bəhrəsini verəcək.

 

– Başqa təklifiniz necə, oldumu?

- Yox, elə təkliflərim bundan ibarət idi.

 

- Bazar günü keçiriləcək oyunla bağlı nə deyə bilərsiniz?

- Hazırlaşırıq. Yığmanın düşərgəsindən dönən futbolçular məşq prosesinə bu gün qoşulublar. Kimin durumu nə yerdədir, bunu bu gün biləcəyik.

 

- “Bakı” qışdan sonra yüksəlişdədir. Bu sizi nə dərəcədə qorxudur?

- Ən ciddi rəqiblərimizdən biridir.

 

- Oyun qrafikinin sıxlığı necə, problem yaratmayacaq?

- İstər-istəməz yaradacaq. Ancaq bu tək bizə yox, bütün komandalara eyni cür təsir edəcək. Belə deyək də, şərtlər hamı üçün eynidir.

0