“Biz topa nəzarəti ələ almaq istəyirdik. Ancaq “Barselona” ilə oyunda bu, mümkünsüzdü”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola deyib.
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində “Barselona”nın qonağı olan “Bavariya” 0:3 hesabı ilə uduzub. Matçdan sonra fikirlərini bölüşən Qvardiola sabiq komandasına məğlubiyyəti şərh edib: “İlk qoldan sonra oyuna nəzarəti əldən buraxdıq. Üçüncü qol, ümumiyyətlə, artıq oldu. “Barselona” Messi deməkdi. Rəqibimiz hazırda əla formadadı. Neymar və Suaresin qarşısını kəsmək üçün onların qaçmasına mane olmaq lazımdı. İlk iki qolda mövqe səhvinə yol verdik. Sonuncu qolun qarşısını kəsmək isə mümkünsüz idi. Hesab açılana qədər yaxşı futbol göstərdik. Amma sonra nəzarət əldən çıxdı”.
Qvardiola oyunda cəmi 1 əvəzləmə etməsinin səbəbini açıqlayıb: “Ehtiyatda oturan futbolçulara hörmət edirəm. Amma qərara aldım ki, 1 əvəzləmə edim. Meydanda olanlara güvəndim. Komandamla fəxr edirəm. Mənim oyun fəlsəfəm topa nəzarət etməkdi. Futbolu başqa cür təsəvvür edə bilmirəm”.
Qeyd edək ki, “Bavariya” və “Barselona” arasındakı cavab görüşü mayın 12-də keçiriləcək.