“Mən optimist insanam. Həmişə demişəm ki, bu oyunda qələbə qazanacağıq. Hisslərimdə yanılmıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola deyib.
Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Donetsk “Şaxtyor”unu qəbul edəcək almanların çalışdırıcısı penaltilər seriyası barədə düşünmədiklərini söyləyib: “Şaxtyor”un elə oyunçuları var ki, Almaniyada rahatlıqla oynayar. Ümumiyyətlə, bu komanda Bundesliqada iştirak etsə, çempionluq uğrunda mübarizə aparar. Bu mərhələni keçməsək, nələrin baş verəcəyini bilirəm. Böyük bir komandanı çalışdırıram və nəinki 1/4 finala, hətta yarımfinala və finala çıxmasaq, bizi nələrin gözlədiyini bilirəm. Rəqib bizə sürpriz hazırlaya bilər. Ancaq onlara qarşı necə oynamaq lazım olduğunu bilirik. İşi penaltilər seriyasına saxlamaq olmaz. Normal qolla qalib gəlməliyik. “Bavariya” 1/4 finala adlayacaqmı? Əlbəttə. Dedim axı, optimist insanam”.
Qeyd edək ki, “Şaxtyor”la “Bavariya” arasında Ukraynada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb. Bu komandalar arasındakı cavab qarşılaşması sabah Münhendə baş tutacaq.