Qvardiola: O, Peleyə bənzəyir
13.05.2015 - 09:10
Qvardiola: O, Peleyə bənzəyir

“Bavariya” kimi komandanı çalışdırdığım üçün özümü xoşbəxt hiss edirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola deyib.

 

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bavariya” “Barselona”ya 3:2 hesabı ilə qalib gəlsə də, ümumi nəticəyə əsasən, kataloniyalılar adlarını finala yazdırıblar.

 

Münhendəki qarşılaşma haqda danışan təcrübəli çalışdırıcı sabiq komandasına uğurlar arzulayıb: “Barselona”nı finala adladığı üçün təbrik edirəm. Ümid edirəm ki, onlar Çempionlar Liqasında 5-ci kuboklarını məhz Berlində qazanacaqlar. Heyətlə bağlı çoxlu problemimiz var idi. Buna rəğmən, futbolçularım əllərindən gələni etdilər. Finala vəsiqə qazanmaq istəyirdik, alınmadı. Lakin bu cür oyuna görə komandamla yalnız fəxr edə bilərəm”.

 

Qvardiola “Barselona”nın baş məşqçisi Luis Enrike haqda müsbət fikirlər səsləndirib: “Enrike əla iş görüb. Komandası çox yaxşı formadadı. “Barselona” həm müdafiədə, həm də hücumda güclüdü. Messi yenə mükəmməl oyun sərgiləyir. O, Peleyə bənzəyir. “Barselona”ya qalib gəlməyin bir yolu var: gərək onu topsuz qoyasan”.