AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan İtaliya yığmasının heyətinə yenidən çağırılan Mario Balotelli ilə bağlı qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Kontenin gəlişindən sonra “Skuadra adzurra”ya dəvət edilməyən “Liverpul”un hücumçusunun sponsorlarından birinin tələbi ilə çağırldığı bildirilib.
Bu haqda açıqlama verən İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio xəbərləri təkzib edib. O, yayılan məlumatların yalnış olduğunu bildirib: “Konte dedi ki, Balotellini milliyə dəvət etdim. Çünki onu qiymətləndirmək istəyir və mən də bunu anlayıram. Düşünmək lazım deyil ki, sponsorlar bizim qərarlarımıza təsir edə bilərlər. Bu qərar xüsusi ilə Konteyə aiddir”.
Qeyd edək ki, ötən gün rəqibimizin heyəti açıqlanıb. AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Milanda Xorvatiya ilə qarşılaşacaq İtaliyanın baş məşqçisi Konte 24 yaşlı futbolçunun adını 23 nəfərlik sıyahıya daxil edib.