Rəşad Sadıqov: Berti Foqts bunu nəzərə alacaq - MÜSAHİBƏ
04.03.2014 - 14:18
Rəşad Sadıqov: Berti Foqts bunu nəzərə alacaq - MÜSAHİBƏ

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Filippinlə qarşıdakı yoldaşlıq oyunundan nə gözləyirsiz?
- Bu matç yoxlama oyunudur və bununla yeni mərhələni başlayırıq. Çoxları Filippin yığmasını zəif sayır. Lakin bizim üçün kiminlə oynamağın fərqi yoxdur. Biz öz oyunumuz haqda düşünməliyik. Yığma klub deyil, burada daim bir yerdə olmuruq. Buna görə də hər gün, hər oyun, hər məşq çox önəmlidir. Seçmə mərhələnin başladığı sentyabra yaxşı formada olmalıyıq. Bu üzdən də yoxlama oyunlarına ciddi yanaşmalıyıq.

- FİFA avqustdakı yoxlama oyunları üçün avqustdakı “pəncərə”ni ləğv edib. Bu isə o deməkdir ki, belə matçların sayı əvvəlkindən az olacaq...
- Bu məqam bizi yoxlama oyunlarımıza daha məsuliyyətlə yanaşmağa məcbur edir. Filippindən sonra yalnız iyunda belə imkanımız olacaq. Sonra isə artıq Bolqarıstanla seçmə oyununa çıxacağıq.

- Eksperiment üçün vaxtın olmadığı vaxtlarda əsas heyətin oynaması lazımdır. Lakin indi bəzi əsas heyət üzvləri də yoxdur...
- Bəziləri zədəli, bəziləri cəzalıdır... Düşünürəm ki, Berti Foqts çempionatın gərgin qrafikini də nəzərə alacaq və 90 dəqiqəni eyni heyətlə oynamayacağıq. Əlbəttə ki, qərarı baş məşqçi verəcək.

- Premyer Liqadakı gərginlikdən danışdız. Milli üzvlərinə çempionatdan qopub yığmaya köklənmək nə qədər vaxt aparır?
- Şəxsən mənim üçün problem deyil. Milli mənə doğma komandadır. Sevinclə yığmaya gəlirəm. Özü də təkcə mən yox. Təbii ki, klubun uğurlu çıxış edirsə, yığmanın düşərgəsinə yaxşı əhval-ruhiyyə ilə gəlirsən. Komandadakı ab-hava yaxşıdır. İndi xeyli sayda gənclər var. Millidə daim gəncləşmə getsə də, ab-hava əla qalır.

- AVRO-2016-nın seçmə mərhələsinin püşkündən xeyli vaxt keçib. Yəqin ki, rəqibləri daha diqqətlə qiymətləndirməyə vaxtınız olub...
- Deməzdim ki, qrupumuz çox güclüdür. Lakin onu zəif də adlandırmaq olmaz. 4-cü səbətdən Bolqarıstan deyil, nisbətən zəif komanda çıxsaydı lap əla olardı. Rəqiblər bir-biri ilə oyunlarda xallar itirəcək. Biz isə xüsusilə də evdə xal hesabımızı artırsaq 3-cü yeri tutmaq şansımız olacaq.

- Bəs oyunların təqvimi haqda nə fikirdəsiniz?
- Seçmə mərhələyə Bolqarıstanla evdə başlamağımız yaxşıdır. Bu matçı final oyunu hesab etmək olar. Xorvatiya və İtaliya ilə səfər oyunları öncəsi 3 xal qazanmağımız vacibdir. 3-4 turdan sonra üçüncülük şansımızın qalmasını, futbolçularımızın ruhdan düşməməsini istəyirəm.