Robben: Axmaq sözlər danışmaq lazım deyil
12.03.2014 - 20:24
Robben: Axmaq sözlər danışmaq lazım deyil

 

 

Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Aryen Robben “Arsenal”ın baş məşqçisi Arsen Venqerə cavab verib. Apasport.az saytının məlumatına görə, futbolçu və baş məşqçi arasında qalmaqal Çempionlar Liqasının 1/8 finalının cavab görüşündən sonra başlayıb.

 

Hollandiyalı futbolçu “Arsenal”la hər iki oyunda penalti qazanıb. Fransalı məşqçi isə Robbeni simulyasiyada ittiham edib. Robben isə Venqerdən belə söz gözləmədiyini bildirib: “Mən həmişə demişəm: əgər sən dahi məşqçisənsə, məğlubiyyəti qürurla qəbul etməlisən. Uduzanda şikayət etmək və axmaq sözlər danışmaq lazım deyil. Hər iki epizodda penalti qərarı ədalətli idi. Bütün hallarda, mən kiminsə qarşısında özümə haqq qazandırmağa hazırlaşmıram. Adətən dahi məşqçilərdən bunu yox, başqa şeyləri gözləyirsən. Ola bilsin səhvim onda idi ki, məni vurandan sonra daha bir addım atdım. Amma məni topuğumdan vurmuşdular və bu qayda pozuntusudur”.