“Bavariya”nın aparıcı futbolçularından olan Aryen Robben yenidən zədələnib. Apasport.az saytının məlumatına görə, bir aydan çox yaşıl meydanlardan kənarda qalan hollandiyalı yarımmüdafiəçinin dönüşü uğursuz alınıb.
Almaniya Kubokunun yarımfinal mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşmanın 68-ci dəqiqəsində oyuna daxil olan Robben cəmi 16 dəqiqə meydançada qala bilib. Əzələsində dartılma olan 31 yaşlı oyunçu 84-cü dəqiqədə əvəzlənib.
Qarşılaşmanın 117-ci dəqiqəsində rəqib qapıçı ilə toqquşan “Bavariya”nın hücumçusu Robert Levandovski isə oyundan dərhal sonra xəstəxanaya aparılıb. İkinci hissədə əvəzlənən Tiaqo Alkantaranın isə zədəsinin ciddi olmadığı açıqlanıb.
“Barselona”ya qarşı mayın 6-da keçiriləcək Çempionlar Liqasının yarımfinal oyununda Robbenlə Levandovskinin iştirakı sual altındadı.
Qeyd edək ki, “Bavariya” – “Borussiya” matçının 120 dəqiqəsi 1:1 hesabı ilə nəticələnib və oyunsonrası penaltilər seriyasında (2:0) dəqiq oynayan dortmundlular finala vəsiqə qazanıblar.