Robert Prosineçki AFFA ilə danışıqlara gəldi
24.11.2014 - 10:27
Robert Prosineçki AFFA ilə danışıqlara gəldi

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, xorvatiyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcək.

 

O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

 

Daha çox futbolçu kimi məşhurlaşan Prosineçki məşqçilik fəaliyyətinə 2006-cı ildə başlayıb. Ölkəsinin əsas yığmasında Slaven Biliçin köməkçisi kimi gələn futbol veteranı 4 il bu postda qalıb. 2010-cu ildə baş məşqçi kimi “Srvena Zvezda”ya qayıdan  mütəxəssis 2012-ci ilədək burada çalışıb. 2012-ci ildə Türkiyənin “Kayserispor” klubunun “sükanı arxasına” keçən xorvatiyalı 2013-cü ilin sonunadək bu postda qalıb. Onun məşqçi kimi yeganə uğuru 2011/12 mövsümündə Serbiya kubokunu qazanması olub.

 

Qeyd edək ki, 45 yaşlı Prosineçki zəngin futbolçu karyerasında Yuqoslaviya (1989-91) və Xorvatiya (1994-2002) millilərində, “Dinamo” (Xorvatiya), “Srvena Zvezda” (Serbiya), “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya” (hamısı İspaniya, “Standard” (Belçika), “Portsmut” (İngiltərə), “Olimpiya” (Sloveniya), “Hrvatska Draqovolyats”, “Zaqreb” (hər ikisi Xorvatiya) klublarında çıxış edib. Xorvatiyalı dünya çempionatının bürünc mükafatçısı (1998), Çempionlar kubokunun qalibi (1990/91), gənclər arasında dünya çempionu (1987), U-21-lərin Avropa ikincisi (1990) olub.

 

Maraqlıdı ki, həmin finalda Yuqoslaviya millisini Tərlan Əhmədovun da heyətində olduğu SSRİ millisi məğlub edib.