“Biz Sloveniya yığmasına məğlub olduq. Biz xüsusən ilk hissədə yaxşı oynamadıq. İkinci hissədə oyunumuzu təkmilləşdirib hesabı bərabərləşdirsək də, qapımıza vurulan 2-ci qoldan sonra tempi itirdik. Məğlubiyyətdə hakimin səhv qərarları da rol oynadı. Bazar günü Azərbaycanı məğlub etməyə çalışacağıq”. Apasport.az saytının Belçikaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu İtaliya yığmasının baş məşqçisi Roberto Meniçelli deyib.
İtaliyalı çalışdırıcı bu gün Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatının Sloveniya ilə ilk oyunundan (2:3) sonra mətbuat konfransına çıxıb. Meniçelli italiyalı jurnalistin “Azərbaycanla oyun öncəsi yetirmələrinizə hansı tapşırıqları verəcəksiniz” sualına belə cavab verib: “Məncə, Azərbaycanla oyun da bunun kimi olacaq. Rəqib daha çox əks-hücum edəcək. Ancaq biz bu görüşdə qələbə qazanmaqla növbəti mərhələyə çıxmağa çalışacağıq”.
O, Sloveniya ilə millimizin oyunu haqda isə belə deyib: “Kimin qalib gəldiyini demək çətindir. Əlbəttə, Sloveniya bizi uddu. Ancaq hər hansısa bir nəticə deməyim düzgün olmaz. Biz bu matçın yanvarın 31-də necə nəticələnəcəyini görəcəyik. Azərbaycan yaxşı komandadır. “Dördlər Finalı”nda oynayacaq futzalçıları var”.
Səbuhi TOFİQOĞLU
Antverpen