[b]“Antalyaspor”un prezidenti: Ronaldinyo müqavilə imzalamağa gəlir[/b]
30.06.2015 - 10:40
[b]“Antalyaspor”un prezidenti: Ronaldinyo müqavilə imzalamağa gəlir[/b]

Türkiyə klubu “Antalyaspor” daha bir dünya ulduzunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytı xəbər verir ki, Antalya klubu Samuel Etodan sonra braziliyalı yarımmüdafiəçi Ronaldinyonu da transfer etməyə çox yaxındı.

 

Bu günlərdə Ronaldinyonun qardaşı və meneceri Roberto Assis Türkiyədə “Antalyaspor” rəsmiləri ilə görüşmüş və tərəflər arasında ilkin razılıq əldə edilmişdi. Sosial şəbəkədə videosunu paylaşan Ronaldinyo da bu keçidi dolayı yolla təsdiq edib. “Salam, mən Ronaldinyo Qauço. Tezliklə Türkiyədə birlikdə olacağıq”, - deyən Roni “Antalyaspor”a keçəcəyinə işarə vurub.

 

Roberto Assis isə Eto transferinin onların qərarına ciddi təsir etdiyini söyləyib: “Eto qardaşımın dostudu. Bu transferdə onun keçidinin də təsiri olacaq. Etonun Türkiyədə olması bizim üçün də üstünlük olacaq”.

 

Artıq “Antalyaspor” tərəfi də bu transferi təsdiqləyib. Klub prezidenti Gültəkin Gencer “sambaçı” ilə bu həftə müqavilə imzalanacağını açıqlayıb: “Bəli, biz Ronaldinyo ilə müqavilə məsələsində anlaşmışıq. Yaxın iki gündə o, Türkiyəyə gələrək rəsmi müqaviləyə qol çəkəcək və komandaya qoşulacaq. Eto və Ronaldinyodan başqa daha bir neçə transferimiz olacaq”.