[b]Ronaldo, Marselo, Modriç... - Heç biri oynamayacaq[/b]
09.05.2018 - 16:42
[b]Ronaldo, Marselo, Modriç... - Heç biri oynamayacaq[/b]

Bu gün İspaniya La Liqasında XXXIV turdan təxirə salınmış "Sevilya" - "Real" matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, oyun öncəsi Madrid klubunun iştirak ərizəsi açıqlanıb.

 

18 nəfərlik siyahıya Kriştiano Ronaldo, Luka Modriç, Marselo, Keylor Navas, Toni Kroos və Rafael Varan kimi önəmli futbolçuların adları daxil edilməyib. Bu addım baş məşqçi Zinədin Zidanın "Liverpul"la oynanılacaq Çempionlar Liqası finalı öncəsində əsas heyət üzvlərinin zədələnməsindən ehtiyatlanması ilə əlaqələndirilir.

 

Qaret Beyl vərəqə cəzası, Dani Karvaxal və İsko isə zədə səbəbindən "Sevilya" ilə oyunda iştirak edə bilməyəcəklər.

 

"Sevilya" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

 

Qeyd edək ki, aktivində 72 xalı olan "Real" La Liqada 3-cü pillədə qərarlaşıb.