Feysbuk artıq bir müddətdi ki, istifadəçilərinin canlı futbol matçlarını izləməsinə imkan yaradır. Apasport.az saytının məlumatına görə, bundan sonra sosial şəbəkədə dünyanın ən məşhur idman növü ilə bağlı seriala da rast gəlmək mümkün olacaq.
Liz Qarsiya və Coş Harto tərəfindən təməli atılan layihənin icraçı prodüseri "Real"ın ulduzu Kriştiano Ronaldo olacaq. Serial Nyu-Yorkda məktəbli qızlardan ibarət futbol komandasının hekayəsindən bəhs edəcək.
"Boş vaxtlarımda etməkdən zövq aldığım şeylərdən biri televizorda maraqlı layihələri izləməkdi. Serialın prodüseri olmaq mənim üçün inanılmaz təcrübə olacaq. Mənim həyat hekayəmlə serialdakı qızların hekayəsi arasında çox bənzərlik var. Serial təkcə bu gözəl oyunla bağlı səthi mövzulara toxunmaqla kifayətlənməyəcək, həmçinin pərdəarxası məqamlara da yer veriləcək. Bu serial dəyərlər, meydan oxumalar, dostluq, çətinliklər, əzm, həmrəylik, gərginlik və harmoniyadan bəhs edəcək. Bir sözlə, həyata dair nə varsa, olacaq" - deyə, Kriştiano Ronaldo bildirib.
Qeyd edək ki, Ronaldonun feysbuk izləyicilərinin sayı 120 milyondan artıqdı.