"Qəbələ" Topaz Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə "İnter"i 2:1 hesabı ilə məğlub etdi. Son dəqiqələrdə vurduğu qolla komandasına qələbə qazandıran “qırmızı-qaralar”ın kapitanı Ruslan Abışov oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.
- "İnter" üzərində qazanılan qələbəni nə ilə əlaqələndirərdiz?
- Çox çətin olacağını bilirdik. Çünki rəqib çempionluğa oynayır. Taktiki cəhətdən çox ağıllı oynadıq, "İnter"ə şans vermədik. Qələbəyə layiq idik. Buraxdığımız qol da təsadüfi idi, ani diqqətsizlikdən oldu. Ancaq mübarizə hələ davam edir. Bu matçı unudub, artıq yalnız AZAL-la görüş barədə düşünməliyik.
- Bu gün siz güclü oynadınız, yoxsa rəqib zəif çıxış etdi?
- Qarşılaşmaya çox yaxşı köklənmişdik, həm də rəqibi düzgün təhlil etmişdik. "İnter" bu sxemdə çox güclü oynayan komandadı. Onlara müdafiədən hücum qurmaq imkanı vermək olmazdı. Onları hərtərəfli bağladığımız üçün oyunumuz yaxşı alındı.
- Son dəqiqələrdə vurduğunuz qələbə qolunu kimə həsr edirsiniz?
- Bu qolu "Qarabağ"ın kapitanı Rəşad Sadıqova həsr edirəm. Çünki millinin toplanışında olanda mənə deyirdi ki, sizin gücünüz ancaq "Qarabağ"a çatır, bizə çatanda aqressiv oynayırsız. Mən də çox istəyirdim ki, "İnter"lə oyunda qələbə qazanaq. Buna görə də, qol vurduğum üçün ikiqat sevindim. Biz təkcə "Qarabağ"a qarşı yox, bütün komandalara qarşı eyni cür köklənirik.
- Çempionatda ardıcıl 4-cü qələbəni qazandınız. Demək olarmı ki, "Qəbələ" artıq öz oyununu tapıb?
- Biz bütün matçlara qələbə əzmi ilə çıxırıq. Təbii ki, rəqiblərimizin hər xal itkisi də bizim üçün əlavə üstünlükdü. Qarşıda hələ çətin oyunlarımız var. Arxayınlaşmaq olmaz, sona qədər mübarizə aparmaq lazımdı ki, avrokuboklara vəsiqə qazana bilək.
- Ölkə kubokunda mübarizəni davam etdirməyinizə nə mane oldu?
- Kubokda bəxtimiz gətirmədi. Diqqətlə təhlil edəndə görərik ki, "Simurq" mərhələ adlamağa layiq deyildi. Ancaq yarımfinaldadılar, onlara "Qarabağ"la oyunlarda uğurlar arzu edirəm. Kubok bizim üçün artıq geridə qaldı, bütün fikrimizi çempionata yönəltmişik.
- Formaya düşdüyünüz bir vaxtda çempionatda fasilənin yaranması sizin üçün mənfi hal deyil?
- Məncə, əksinə, bunun komandaya xeyri olacaq. Çünki qış fasiləsindən sonrakı dönəmdə 3-4 gündən bir oyunlar keçirdik. Futbolçular yorğundular. Komandanın, xüsusən də, psixoloji cəhətdən dincəlməyə ehtiyacı var. Bundan sonrakı dönəmin bizim üçün uğurlu keçəcəyinə inanıram. Çünki ardıcıl qələbələr komandaya özünəinamı qaytardı.
- Qarşıdan milli komandanın seçmə mərhələ oyunu gəlir. Razısınız ki, Malta ilə matçda sizi yalnız qələbə qane etməlidi?
- Bəli. Çünki evdə oynayırıq. Amma Malta da bizdən xal almaq barədə düşünəcək. Çünki onlarla biz qrupda son iki pillədə qərarlaşmışıq. Artıq xal itirmə limitimiz bitib, mütləq qələbə qazanmalıyıq.
Rəvan ƏKBƏR