Sadıqlı qayıtdı, Həsənzadə kənarda qaldı
07.10.2014 - 16:50
Sadıqlı qayıtdı, Həsənzadə kənarda qaldı

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə müddətində  “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, məşqlərini Lənkərandakı bazasında keçən komanda tam heyətlə hazırlaşa bilmir.

 

“Xəzər Lənkəran”ın 4 futbolçusu - Rahid Əmirquliyev, Rasim Ramaldanov,Rauf Əliyev və ilk dəfə əsas milli komandamıza çağırılan Ağabala Ramazanov Azərbaycan yığmasının düşərgəsində olduğu üçün klubdan ayrı düşübsə, daha 3 oyunçu zədə səbəbindən hazırlıqlarda tam iştirak etmir.

 

Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da,  qapıçı Cahangir Həsənzadə hazırlıqdan kənar düşüb. Buna təcrübəli qapıçının belində olan ağrılar səbəb olub. 35 yaşlı qapıçı gənc həmkarı Orxan Sadıqlının zədədən qayıtmasından sonra onunla birlikdə uzun müddətə hazırlıq keçə bilməyib. Hazırlığın 3-cü günündəki məşqə Orxan əsas qapıçı kimi çıxıb. Komandanın tibbi personalı qolkiperin sabah keçiriləcək məşqə kimi bərpa olunacağına ümid edir.