Şahin Diniyev: Simamızı itirmədik, bu, böyük işdi!
11.10.2014 - 12:31
Şahin Diniyev: Simamızı itirmədik, bu, böyük işdi!

“Millimiz İtaliyaya qarşı oyunda pis təsir bağışlamadı. Düzdü, yaxşı hücumlar qura bilmədik, amma ağıllı müdafiə olunduq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.

 

Komandamızın 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Palermoda İtaliyaya 1:2 hesabı ilə uduzduğu oyunu şərh edən Diniyev nəticədən narazı qalmayıb: “İtaliya kimi 4 dəfə dünya çempionu olmuş komandaya 1:2 hesabı ilə uduzmaq normaldı. Çünki darmadağın olmamışıq. Futbolçularımız meydanda “döyüşdülər”. Əsas odur ki, uduzsaq da, simamızı itirmədik, dizlərimiz əsmədi, bu, böyük işdi. İtaliya nəticəyə oynayan komandadı. Şəxsən mən millimizə görə utanmadım”.

 

Diniyevin fikrincə, millimizin əldə etdiyi nəticə potensialına uyğundu: “Hamı yığmadan uğurlu nəticə gözləyir. Düşünürük ki, niyə 3-cü yer tuta bilmirik, niyə daha yaxşı hücum etmirik? Amma bu reallıqdır ki, bunu biz bacarmırıq və potensialımız imkan vermir. Biz o vaxt  irəli gedəcəyik ki, öz yerimizi biləcəyik. İstər azarkeşlər, istər jurnalistlər, istərsə də biz məşqçilər yerimizi bilmirik. Biz hansı pillə üçün oynaya bilərik, onu düşünmürük. İndiki durumumuza baxın: Bizim futbolçular harada, italiyalılar hansı klublarda oynayırlar. Biz əgər İtaliyaya qarşı millimizdən hücum futbolu gözləyiriksə, normal hal deyil”.

 

Təcrübəli mütəxəssis İtaliya – Azərbaycan oyunundan sonra Berti Foqtsun “5-6 il əvvəl olsaydı, Azərbaycan böyük hesabla uduzardı” sözlərinə belə cavab verdi: “Hər kəsin öz fikri var. Siz başqa cür düşünürsüz, mən fərqli. Foqts da belə deyirsə, onun fikirlərinə hörmət edirəm. Əgər millimiz İtaliyaya 1:2 uduzubsa, almaniyalı məşqçinin bu sözləri deməyə haqqı var. Yaxşı müdafiə ilə az qol buraxıbsa, deməli, haqlıdı. Amma gəlin, bir şeyi də nəzərə alaq. Bu gün futbol fərqli oynanılır. Baxın, bizim klublarımız Avropada uğurlu çıxış edirlər. “Qarabağ”, “Neftçi”, “İnter” kimi komandalar uğur qazanırlar. Bunun da yığmaya təsiri böyükdü. Bu klublarda oynayan yerli futbolçular Avropada təcrübə yığıb gəlirlər milliyə və burada da özlərini göstərə bilirlər”.