Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarından sonra cəzalı duruma düşən futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 4 futbolçu cavab qarşılaşmasında iştirak edə bilməyəcək.
Onlardan ikisi “İnter”in üzvləridi. Komandanın kapitanı və qapıçısı Səlahət Ağayev, həmçinin Coşqun Diniyev “Neftçi” ilə qarşılaşmada aldığı sarı vərəqə üzündən cavab matçını buraxacaq. Buna səbəb hər iki oyunçunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab görüşündə də xəbərdarlıq almasıdı.
“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə və “Simurq”un kapitanı İlkin Qırtımov da eyni vəziyyətə düşüb. 1/4 finalın AZAL-la cavab oyununda sarı vərəqə görən Yunuszadə “İnter”lə ilk matçda eyni cəza aldığı üçün aprelin 21-də meydana çıxa bilməyəcək. “Qarabağ”la ilk oyunadək 1/4 finalın “Qəbələ” ilə cavab qarşılaşmasında da xəbərdarlıq edilən Qırtımov ağdamlılarla zaqataladakı matçı kənardan izləyəcək.
Qeyd edək ki, ölkə kubokunda futbolçular hər iki sarı vərəqədən sonra cəzalı durma düşür.