Avstriyada təlim-məşq toplanışında olan Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Hazırlıqlar necə gedir?
- Hər şey yaxşıdır. Komandaya son günlərdə qoşulmuşam. Zədəli olduğum üçün bir neçə gün fərdi məşqlər edirdim. İndi isə artıq klubun düşərgəsindəyəm. Artıq Avroliqaya hazırlaşmaq lazımdır.
- Zədəniz ciddidir?
- Artıq sağalmaq üzrəyəm. Düzdü, ayağımda hələ də ağrılar qalsa da, özümü daha yaxşı hiss edirəm.
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Tiraspol”la Moldovadakı qarşılaşmada meydana çıxa biləcəksiniz?
- Bir az çətin görünsə də, oynamaq istəyirəm. Amma bu, məndən asılı deyil. Əgər tam sağalsam belə, qərarı baş məşqçi Kaxaber Sxadadze verəcək. Ona görə də mənim indidən nəsə deməyim çətindir.
- Yoxluğunuz Avropa Liqasının oyunlarında komandanıza təsir edə bilər?
- Xeyr, çünki heyətdə Georgi Lomaya və Elşən Poladov kimi qapıçılar var. Mən olmasam da, onlar komandaya kömək edəcəklər. İnanıram ki, ilk mərhələni keçəcəyik.
- Deməli, “İnter” “Tiraspol”la görüşə hazırdır...
- Türkiyədə yaxşı hazırlıq keçdik. İndi də təlim-məşq toplanışını Avstriyada davam etdiririk. Məqsədimiz Avropa Liqasına və növbəti mövsümə hazır olmaqdı. Bunun üçün bu toplanışlardan maksimum istifadə etməliyik.
- Rəqib haqqında hansısa məlumatınız var?
- Təbii ki, heç də zəif komanda deyil. “İnter” üçün çətin olacaq. Bununla belə, Bakıya sərfəli nəticə ilə dönməliyik.
- “İnter” üçün çətin olacağını düşünsəniz də, komandanız cütün favoriti sayılır...
- Avroliqada favorit olmur. Bütün komandalara eyni gözlə baxmaq lazımdır. Amma mən “İnter”ə güvənirəm.
- “Qəbələ”, “Neftçi” və “Qarabağ” da avrokuboklarda mübarizə aparacaq. Sizcə, püşkdə ən güclü rəqib hansı klubumuza qismət oldu?
- Təbii ki, “İnter”ə. “Tiraspol” digər komandalarımızın təqibləri ilə müqayisədə daha güclüdü.
Elsevər MƏMMƏDOV