Serbiya və Albaniya milliləri Avropa çempionatının seçmə mərhələsindən məhrum edilməyə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda Çexiya Futbol Federasiyasının baş katibi və UEFA-nın İntizam Komitəsinin üzvü Rudolf Repka çıxış edib.
O bildirib ki, hər iki komanda sərt cəzalandırılmayacaq: “Biz noyabrın ortalarına qədər son qərar qəbul edəcəyik. Çünki bu, çox mürəkkəb işdir. Yalnız oktyabrın 23-də komandalara kəsiləcək cərimələr müəyyənləşəcək. Bunun üçün də, daha çox vaxt tələb olunur. Əminəm ki, nə Serbiya, nə də Albaniya daha sərt cəzalara məruz qalmayacaqlar. Lakin federasiyaları bundan yan keçməyəcək. Yarımçıq dayandırılmış oyun isə ehtimal ki, neytral meydançada azarkeşlərsiz baş tutacaq. Həmçinin bu komandalar arasında keçiriləcək ikinci matç da eyni qayda ilə olacaq”.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində reallaşan Serbiya - Albaniya matçının 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.
Daha sonra ehtimal edilirdi ki, hər iki komanda qitə birinciliyinin seçmə mərhələsindən uzaqlaşdırılacaq.