“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone komandasının Çempionlar Liqasının finalında uduzmasını şərh edib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis həddən artıq məyus olduğunu bildirib.
Baş məşqçi nəticəyə kompleks şəkildə qiymət verməyin lazım olduğunu vurğulayıb: “İkinci hissədə “Real” çox yaxşı oynadı və bizi qapıya elə sıxdı ki, tərpənə bilmirdik. Amma futbol bununla gözəldir. Hamı deyir ki, ən əsası qələbədir. Amma insanların bizə necə azarkeşlik etməsi göstərdi ki, digər vacib şeylər də var. Mən futbolçulara dedim ki, belə oyundan sonra burunlarını aşağı salmasınlar və növbəti mövsümə hazırlaşsınlar. Udmaq da olar, uduzmaq da. Biz bu dəfə məğlub olduq. Amma bilirik ki, bütünü qüvvəmizi verdik. İnsanlar bu mövsüm etdiklərimizi dəyərləndirdilər və bu da bizə gələcək inkişafa ümid verir. Mən sadəcə kədərli deyiləm, mən çox məyusam. Məyusam ki, məqsədə çata bilmədim. Alınmadı. Amma öhdəsindən gələrik. Bilirəm ki, digər oyunlar və oyunçular olacaq. Əsası, özünüzü işə verməkdir. Həyatda olduğu kimi sənin günün olur və sənin günün olmur. Əsas – irəli getməkdir”.
Simeone Dieqo Kostanın oyunda müəmmalı iştirakı barədə də danışıb: “Kostanın iştirakı ilə bağlı qərarı mən qəbul etmişəm. Bu mənim səhvimdir. Çünki oyunun əvvəlindəcə onu dəyişməli oldum. Onun özünü bir gün əvvəlki kimi yaxşı hiss etməyi görünürdü. Amma bu, mənim qərarım idi. Biz bir-birimizə, göz-gözə baxdıq və hər şeyi anladıq. Oyunu əslində 10 nəfərlə davam etdirmək istəmirdim. Azarkeşlər bu möhtəşəm mövsümlə fəxr etməlidirlər. Onlar bir saniyə belə olsun kədərlənməməlidirlər. Biz tam qüvvəmizi sərf etdikdən sonra, özümüzə uzun müddət yaralarımızı yalamağa icazə verməməliyik. Biz qayıtmalı və növbəti mövsüm mübarizə aparmalıyıq ki, hamı üçün baş ağrısına çevrilək və rəqibləri boğaza yığaq”.