“Qalatasaray”ın və Hollandiya millisinin futbolçusu Uesli Sneyder hakimlərin texniki vasitəsindən şikayət edib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi oyun zamanı istifadə edilən xüsusi köpüyün ona mane olduğunu vurğulayıb.
Qeyd edək ki, hakimlərə paylanılan köpük dünya çempionatı zamanı istifadə edilən yeniliklərdəndir. Hər bir baş hakimdə xüsusi balonda köpük olur. Cərimə zərbələri zamanı hakimlər oyunçuların müəyyən edilən ərazidən çıxmaması və topu irəli qoymaması üçün bəzən bu köpükdən istifadə edərək xətt çəkirlər. Xətt bir neçə saniyə sonra yox olur.
Sneyder isə yeniliyin ona mane olduğunu vurğulayıb: “Köpüyü topun düz qarşısında çəkirlər. Özümü qarşımda divar olduğu kimi hiss edirəm. Elə bil ki, topu o divarın üstündən keçirmək məcburiyyətindəyəm. Buna görə də, cərimə zərbələri zamanı topu dəqiq vura bilmirik”.