Son ümid yeri - Azərbaycan yığması
25.02.2014 - 12:22
Son ümid yeri - Azərbaycan yığması

“Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticələri təkcə komandamız deyil, Malta ictimaiyyəti üçün də cəlbedici oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Pyetro Gedin deyib.

 

62 yaşlı italiyalı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasına münasibət bildirib.

 

Malta mətbuatına müsahibə verən Gedin Azərbaycan yığmasının da yer aldığı H qrupundakı perspektivlərini dəyərləndirib: “Şübhəsiz ki, qrupumuz çox güclüdür. İtaliya qrupun favoritidir. Belə bir komandanın yenidə Maltaya gəlməsi maraqlı olacaq. Xorvatiya da qrupun ən iddialılarından sayılır. Bolqarıstanla Norveç də çox güclüdür. Azərbaycan isə son vaxtlar çox güclənib. Biz də Azərbaycanla görüşlərdə xal qazana biləcəyimizə ümid edirik. Bəlkə də onlardan xal ala bildik. Lakin bunun üçün çox çalışmalıyıq. Belə çətin qrupda yaxşı nəticə göstərmək arzusundayıq”.

 

Qeyd edək ki, Azərbaycan və Malta yığmaları arasında hər iki oyun 2015-ci ildə keçiriləcək. Komandalar martın 28-də ölkəmizdə, sentyabrın 6-da ada təmsilçisinin meydanında qarşılaşacaq.