Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç Türkiyədə problemlə üzləşib. Apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, Serbiya əsilli forvardın komandası “Manisaspor” maliyyə böhranı yaşayır.
Hazırda PTT I liqasında qalmaq uğrunda mübarizə aparan Manisa təmsilçisi iki aydı futbolçuların maaşlarını ödəmir. Bu, oyunçuların çıxışına da təsirsiz ötüşmür. Hətta futbolçular bu üzdən məşqlərə və oyunlara həvəssiz çıxdıqlarını bildiriblər. Subaşiç də daxil olmaqla, əksər futbolçular mövsümün sonunda klubu tərk etməyi qərara alıb.
Qeyd edək ki, hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan “Manisaspor” “təhlükəli zona”da qərarlaşan “Bucaspor”u cəmi 2 xal qabaqlayır.