Baçana Sxadadze “İnter”in heyətində yubiley qolunu vurub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXXIII turunun “Neftçi” ilə qarşılaşmasında (4:0) hesabı açan gürcüstanlı hücumçu komandasının heyətində çempionat matçlarında 30-cu dəfə qapını dəqiq nişan alıb.
Oyunun gedişində ikinci dəfə fərqlənib, dublunu rəsmiləşdirən Sxadadze qol hesabını 31-ə çatdırıb. O, buna 114 matçda nail olub. 2010/11 mövsümündə debüt etdiyi komandada ilk qolunu növbəti çempionatda vuran hücumçu 2011/12 mövsümündə 7, 2012/13 mövsümündə 8, ötən çempionat 10 dəfə rəqib qapılarına yol tapıb. Cari mövsümdə isə Sxadadze 6 qola imza atıb.
Baçana “İnter”in tarixində Premyer Liqada ən məhsuldar oyunçudu. Valter Quqlemon 28, Xaqani Məmmədov 22, Elşən Məmmədov 21 dəfə fərqlənib.
Qeyd edək ki, əvvəllər “Simurq”da da oynayan Sxadadze ümumilikdə Premyer Liqada 127 qarşılaşmada 36 qol vurub.