“Püşkatmanın nəticələri bəlli oldu. Bütün klublarımıza uğurlar arzu edirəm”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi avrokubokların ilk 2 təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasından sonra təmsilçilərimizin şanslarını dəyərləndirib. Süleymanov klublarımızın hər birinin növbəti mərhələyə keçmək üçün yaxşı şansa malik olduğunu bildirib: “Bizim klublarımıza elə də çətin rəqiblər düşməyib. “Qarabağ” ÇL-də, “İnter”, “Neftçi” və “Qəbələ” Avroliqada uğurlar qazanmağa məhkumdur. Çünki bizə düşən rəqiblər göz qabağındadır. Onları məğlub etmək üçün hər cür imkanımız var. Bütün komandalarımızdan uğur gözləyirəm”.
Süleymanov “Neftçi”nin ən azı pley-off üçün mübarizə aparacağını sözlərinə əlavə edib: “Neftçi”nin rəqiblərinin heç birinə yuxarıdan aşağı baxmırıq. Amma əgər biz bu turnirin qrup mərhələsində oynamışıqsa, uğurumuzu təkrarlamaq üçün çalışmalıyıq. Ötən mövsümkü “Skenderbeu” uğursuzluğu bizə dərs olmalıdır. Bundan nəticə çıxarıb bu mövsüm ən azı pley-offa qədər gəlməyə çalışacağıq. Hər iki rəqib haqqında məlumat toplayacağıq”.
Qeyd edək ki, Avropa liqasına II təsnifat mərhələsindən başlayacaq “Neftçi” pley-offa çıxmaq üçün 2 rəqibini keçməlidir.
Tahir Süleymanov: Ən azı pley-off
23.06.2014 - 17:29
0
0