Təmsilçilərimizin komandaları Türkiyədə məğlubedilməz oldu
24.03.2014 - 11:43
Təmsilçilərimizin komandaları Türkiyədə məğlubedilməz oldu

Türkiyənin I dəstəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə çıxış edən 4 təmsilçimizin komandası da məğlub olmayıb.

Millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” səfərdə gözlənilmədən “Manisaspor”u məğlub edib – 2:1. Baş məşqçi Özcan Bizati ilə problemlər yaşayan Yunisoğlu yenə “18-lik”də yer almayıb.

“Orduspor” doğma azarkeşləri önündə “Boluspor”dan üstün olub. Adəm Sağlamın qolu Branimir Subaşiçin komandasına qələbə qazandırıb. Yenə start heyətində meydana çıxan serbiyalı hücumçu 70-ci dəqiqədə Hasan Üçüncü ilə əvəzlənib. O, 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

Davud Kəriminin məxsus olduğu “Fəthiyəspor” səfərdə autsayder “Kahramanmaraşspor”un müqavimətini qırmaqda çətinlik çəkməyib. Davudun “18-lik”də yer aldığı qarşılaşmada qonaqlar Fərid Quliyevin sabiq komandasına 3:1 hesabı ilə qalib gəlib.

Millimizin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” isə Mersin səfərindən xalla qayıda bilib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Zədədən sonra əsas heyətdəki yerini itirən Budak yenə ehtiyatda qalıb.

Qeyd edək ki, bu nəticələrdən sonra “Orduspor” III, “Dənizlispor” XII, “Fəthiyəspor” XIV və “Qaziantep BB” XV pillədə qərarlaşıb.

0