Terim hələ belə rüsvay olmamışdı
13.11.2014 - 09:51
Terim hələ belə rüsvay olmamışdı

Türkiyə millisi yeni antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Braziliya ilə İstanbulda keçirilən yoxlama görüşündə 0:4 hesabı ilə uduzan “ay-ulduzlular” indiki baş məşqçi Fatih Terimin rəhbərliyi altında ən ağır məğlubiyyətini alıb. Mütəxəssis yığmada ilk dəfə belə biabırçı nəticə ilə üzləşib.

 

Tanınmış mütəxəssisin çalışdırdığı dövrdə ilk dəfə 4 top fərqilə yenilən Türkiyə millisi ümumilikdə 11 il yarımdan sonra belə ağır zərbə aldı. 2003-cü il aprelin 30-da Teplitse şəhərində Çexiya tərəfindən darmadağın olunan Türkiyə o vaxtdan belə uduzmurdu.

 

Türkiyəlilərin öz meydanında aldığı sonuncu 0:4 hesablı məğlubiyyət isə ötən əsrə təsadüf etmişdi. 2000-ci il noyabrın 15-də İstanbulda Fransa millisi şou göstərmişdi. Həmin yenilginin 14 illiyindən 3 gün əvvəl isə braziliyalılar “ay-ulduzlular”a şok yaşatdı.