“İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
44 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu digərini söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.
Qeyd edək ki, AZAL – “Neftçi” oyununda qonaqlar 1:0 hesablı ilə qalib gəlib.
Mənbə: pfl.az