[b]Tərlan Əhmədov: Klublar borcunu ödəməsə... – MÜSAHİBƏ[/b]
14.01.2016 - 16:45
[b]Tərlan Əhmədov: Klublar borcunu ödəməsə... – MÜSAHİBƏ[/b]

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

 

- Bakıda keçirilən turnirin ilk oyununda “Neftçi”yə (0:1) məğlub oldunuz. Komandanızın çıxışından nə dərəcədə razı qaldınız?

- İlk dəfə ölkəmizdə belə bir turnir keçirilir. Buna görə təşkilatçı qurumlara təşəkkür edirik. Oyunların canlı yayımlanması fasilə zamanı azarkeşlərin hər iki komanda haqda məlumat toplamasına yardım edir. Oyuna gəldikdə, birinci hissə sönük keçdi. Yorğunluq fonunda ağır məşqlərdən sonra keçirilən matçın fasiləyə qədər olan bölümü xoşuma gəlmədi. Amma ikinci hissədə istədiyimi ala bildim. Komandam sürətli hücumlar qurmağa başladı. Məğlub olsaq da, ikinci hissədən razı qaldım. Bizim üçün vacib olan çempionatdı. Turnirdə isə oyunlar çoxdu. Kim layiqdisə, o da qalib gələcək.

 

- Dünən isə “Sumqayıt”la qarşılaşmışdınız. Ardıcı iki gün ərzində iki oyun keçirmək çətin deyil?

- “Sumqayıt”la görüş plan üzrə keçirildi. Əvvəlcədən planlaşdırıldığına görə, kənara çıxa bilməzdik. Həmin oyunda heyətə cəlb etdiyimiz yeni futbolçulara da şans verdik. Əsas heyətdən isə 4-5 futbolçu meydana çıxmışdı. Futbolçuların psixoloji, emosional, funksional hazırlığını yüksək səviyyəyə gətirməliyik. Komanda hər gün oyun keçirə bilər. Çünki iki heyətimiz var, dünən oynamayanlara bu gün şans verdik.

 

- Heyətə cəlb etdiyiniz meksikalı Adan Koronadoya şans verməməyiniz nə ilə bağlıdı?

- Ona “Sumqayıt”la oyunda şans verdim. İkinci hissənin ortalarında dizindən zədələndiyinə görə, bu gün “18-liy”ə daxil etmədik.

 

- Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar vermisiniz?

- Adanla müqavilə imzalamışıq. Qış fasiləsindən sonra oyunlarda ona şans verəcəyik.

 

- Amma PFL-ə borclu olan klublara qış transferi qadağan edilib. Bununla bağlı nə etməyi düşünürsünüz?

- Bu işlərə mən qarışmıram. İşim meydanda futbolçuları oyunlara hazırlamaqdı. Maliyyə və digər məsələləri rəhbərlik həll edir. Kompromis bir nəticənin əldə ediləcəyinə inanıram. Premyer Liqadakı 10 komandadan 8-nin borcu var. Bu 8 komandanın heç biri borcunu verməsə, “partlayış” ola bilər. Yəqin kompromis bir variant tapılacaq.

 

- Təlim-məşq toplanışından əvvəl keçirəcəyiniz oyunların təqvimini müəyyənləşdirmisiniz. Turnirin ortaya düşməsi sıxlıq yaratmayacaq?

- Əksinə, həmin oyunların baş tutması üçün danışıqlar aparan zaman turnirin keçiriləcəyini də nəzərə almışdıq. Yanvarın 18-dən 24-dək bizim matçımız yox idi. Həmin ərəfədə daha bir neçə matç keçirib futbolçuları oyunlarla yükləmək, təcrübəni artırmaq istəyirik.