Azərbaycan millisi tarixində 41-ci dəfə böyük hesabla məğlub olub. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə Osiyekdəki qarşılaşmasında 0:6 hesabı ilə uduzan yığmamız 1992-ci ildən indiyədək keçirdiyi 210-cu matçında bu üzüntünü yaşadı. Bu isə o deməkdi ki, komandamız oyunlarının təxminən 20 faizində 3 və ya daha çox top fərqi ilə uduzur.
Belə məğlubiyyətlərdə antirekord Berti Foqtsa məxsusdu. Onun yetirmələri 9-cu darmadağına üzülüb. Bu da onun həmkarlarından daha çox – 71 matçda milliyə başçılıq etməsi ilə bağlıdı.
Karlos Alberto Torres İqor Ponomaryov və Əsgər Abdullayev kimi 3, Kazbek Tuayev 4, Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Əhməd Ələsgərov hərəyə 5 dəfə böyük hesabla uduzub. Mircavadovla Tuayevin hərəsinin hesabında olan bir ağır məğlubiyyət millini şərikli çalışdırdıqları qarşılaşmaya təsadüf edib.
Böyük hesablı məğlubiyyətlər arasında ən populyar hesab 0:3-dü.
Belə ki, milli komandamız düz 18 dəfə bu hesabla yenilib. Bu isə ümumi böyük hesablı məğlubiyyətlərin 45 faizi deməkdi. Yığmamız dörd dəfə 0:4, 1:4, 0:5, 0:6, iki dəfə 1:6, bir dəfə 0:10, 0:8, 0:7, 3:6, 1:5 hesabı ilə uduzub. Buradan göründüyü kimi komandamız 7-ci dəfə 6 və daha çox top fərqilə uduzub.
7 biabırçılıqdan ən böyüyü Mircavadovun vaxtına təsadüf edib. 20 il öncə Fransa yığmamıza Oser faciəsi yaşadıb – 10:0. 2-ci rüsvayçılıq Torreslə Varşavada qeydə alınıb. Orada Polşa 8 cavabsız qol vurub. Ələsgərovlu komandamızın Gimaraynşda üzləşdiyi 0:7 hesablı yenilgi isə “üçlüy”ü tamamlayır.
Foqts ən pis halda 6 top fərqilə uduzmuşdu. 5 il əvvəl Bakıda İspaniya önündə fiaskonun iştirakçısı olan almaniyalı ikinci dəfə belə halla üzləşib. Antirekordunu təkrarlayan almaniyalı bu dəfə yoldaşlıq oyunu deyil seçmə mərhələdə üzüntü yaşayıb.
Millimizin 6 və daha çox top fərqilə uduzduğu oyunlar
6.09.1995. Oser. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu.
Fransa – Azərbaycan – 10:0
Baş məşqçi: Ağasəlim Mircavadov
26.03.1999. Gimaraynş. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Portuqaliya – Azərbaycan - 7:0
Baş məşqçi: Əhməd Ələsgərov
18.02. 2004. Təl-Əviv. Yoldaşlıq görüşü.
İsrail – Azərbaycan – 6:0
Baş məşqçi: Karlos Alberto Torres
26. 26.03.2005. Varşava. 2006-cı il dünya çempionatının seçmə mərhələ oyunu.
Polşa – Azərbaycan – 8:0
Baş məşqçi: Karlos Alberto Torres
28. 15.08.2005. Kiyev. Yoldaşlıq görüşü.
Ukrayna – Azərbaycan – 6:0
Baş məşqçi: Şahin Diniyev
9.06.2009. Bakı. Yoldaşlıq görüşü.
Azərbaycan – İspaniya – 0:6
Baş məşqçi: Berti Foqts
13.10.2014. Osiyek. 2014-cü il Avropa çempionatının seçmə mərhələsi
Xorvatiya – Azərbaycan – 6:0
Baş məşqçi: Berti Foqts