Çempionluq şansı öz əlində olanlar
09.05.2015 - 11:49
Çempionluq şansı öz əlində olanlar

Topaz Premyer Liqasının XXXIII turunun ilk oyun günündən sonra çempionluq mübarizəsində intriqanı artırıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın öz meydanında “Qarabağ”dan xal almasından (1:1) sonra qızıl medallara daha bir iddiaçı “İnter”in real şansları yaranıb.

 

Düzdü, “Neftçi”ni 4:0 hesabı ilə darmadağın edən “bankirlər” bu turadək də 1-ci yer imkanlarına malik idi. Amma paytaxt təmsilçisinin taleyi öz əlində deyildi.

 

Çünki böyük fərqlə liderlik edən “Qarabağ” əlçatmaz görünürdü. Lideri devirmək üçün bütün matçlarda qalib gəlmək də “İnter”ə yetərli deyildi. Amma Lənkərandakı nəticədən sonra çempion olmaq “Qarabağ” kimi “İnter”in də öz əlindədi.

 

Qızıl iddiasını qoruyan hər iki komanda münasib nəticələr əldə etsə, rəqibinin necə oynamasından asılı olmayaraq, istəyinə çatacaq. Təbii ki, sona 3 tur qalmış 6 xal üstünlüyə malik Ağdam klubu daha şanslıdı.

 

Növbəti turda “Sumqayı”, ardınca əsas rəqibi “İnter”lə üz-üzə gələcək Qurban Qurbanovun yetirmələrinə hər iki görüşdə xal qazanmaq kifayətdi. Hətta 2 heç-heçə də əyalət klubunu qızıl medallara daşıyacaq. Belə olan halda onlar “bankirlrər” digər oyunlarda xal itirməsini gözləməyəcək.

 

Bakı klubu isə “Qəbələ” ilə səfər, “Qarabağ”la ev, sonda isə Sumqayıtla eyniadlı komanda ilə qarşılaşmalarda qalib gəlməlidi. Hər 3 matçda qalib gəlsə, “İnter” ya çempion olacaq, ya da (ağdamlılar “Sumqayıt”a qalib gəlsə) “Qızıl oyun”aa əsas rəqibi ilə görüşəcək. Bir sözlə, Kaxaber Sxadadzenin yetirmələri başqa oyunların nəticələrindən asılı vəziyyətə düşməmək üçün 3, lazım gələrsə 4 ardıcıl matçda qalib gəlməlidi.

 

Digər hallarda isə “Qarabağ”la “İnter” bir-birindən asılı duruma düşəcək. Hətta qızıl medalların taleyi də vaxtından əvvəl müəyyənləşə bilər.

 

Əgər XXXIV turun mayın 16-da keçiriləcək görüşlərində ağdamlılar “Sumqayıt”a qalib gəlsə, “İnter” Qəbələdə xal itirsə və ya lider heç-heçə etsə, izləyicisi məğlub olsa onda “Qarabağ” ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirəcək. Hər iki komanda eyni nəticəyə imza atsa, intriqa növbəti turadək davam edəcək.

 

Qarşıdakı turda “Qarabağ” büdrəsə, işini çətinə sala bilər. Söhbət ağdamlılar heç-heçə etsə, bakılıların qələbəsi və ya əyalət təmsilçisinin yenilib, paytaxt klubunun 1 xal qazanmasından gedir. Bu halda isə Qurban Qurbanovun yetirmələri “İnter”lə şəxsi oyunda mütləq qalib gəlməli olacaq.

 

Qeyd edək ki, “İnter” “Neftçi” üzərində qələbə ilə ən azı 2-ci yeri təmin edib.