Topaz Premyer Liqası: III dövrənin startı yubana bilər
30.01.2014 - 17:11
Topaz Premyer Liqası: III dövrənin startı yubana bilər

Topaz Premyer Liqasında III dövrənin startı yubana bilər. Apasport.az saytının məlumatına görə, hava şəraiti ilə əlaqədar XIX turun təxirə salınması mümkündür.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda fevralın əvvəlində gecələr 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcəyi  bildirilir. Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq. Bu isə turun oyunun təxirə salınmasının mümkünlüyündən xəbər verir.

 

Lakin Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əməkdaşımızla söhbətində hər şeyin oyunun günündən asılı olacağını söyləyib: “Bəli, kəskin hava şəraiti proqnozlaşdırılır. Lakin oyunlarda qərarı baş hakimlərlə AFFA nümayəndələri verirlər. Yəni, hər şey matç günündə bilinəcək”.

 

Qeyd edək ki, XIX turun oyunları 1-2 fevral tarixlərində gerçəkləşəcək.