Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin təlim-məşq toplanışı və mayın 27-də ABŞ-la səfərdə yoxlama oyunu keçirməsi 4 turun vaxtının dəyişdirilməsinə səbəb olub.
Belə ki, Peşəkar Futbol Liqası 2013/14 mövsümünün son 4 turunun vaxtını dəyişib. Bu 4 turun bütün oyunları eyni gündə keçiriləcək. XXXIII tur mayın 2-də, XXXIV tur 7-də, XXXV tur 12-də, XXXVI tur isə 17-də baş tutacaq.
Bundan başqa, Azərbaycan kubokunun final oyununun da tarixi müəyyənləşib. Həlledici qarşılaşma mayın 22-də baş tutacaq.
Qeyd edək ki, dəyişikliklərdən əvvəlki təqvimə əsasən XXIII tur mayın 2-4-də, XXXIV tur 7-9-da, XXXV tur 16-da, son tur isə 21-də keçirilməli idi. Bu dəyişikliklər çempion və mükafatçıların 4 gün əvvəl müəyyənləşməsi ilə nəticələnib. Kubokun finalı isə mayın 28-dən 6 gün qabağa çəkilib.
Mənbə: pfl.az