Tuyqun Nadirov: Rauf Əliyev transferə çıxarılsa... - MÜSAHİBƏ
24.06.2014 - 13:28
Tuyqun Nadirov: Rauf Əliyev transferə çıxarılsa... - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

 

 

- Komandanız ötən mövsüm Slavik Alxasovu transfer edən zaman tənqidlərə məruz qaldı. Bu dəfə isə Aleksandr Şemonayevin heyətə cəlb olunması azarkeşlər tərəfindən narazılıqla qarşılandı. Hər halda, həmin futbolçularla nəinki çempionluq, heç mükafatlar uğrunda mübarizə aparmaq inandırıcı deyil...

- Transferlərlə bağlı sualları daha çox baş məşqçimiz Oğuz Çətinə vermək lazımdır. Çünki, Şemonayevin transferini məşqçi istəyib. Bilirsiniz ki, növbəti mövsümdən legioner limiti dəyişdirilib. Komandalar meydana 5 yerli futbolçu ilə çıxmalıdı. Ona görə də Oğuz Çətin istəyir ki, heyət yerli futbolçu baxımından kasad olmasın. Məşqçi əvəzedici heyətdən 6 futbolçunu əsas komandaya çağırıb. Onlardan kim özünü yaxşı tərəfdən göstərəcəksə, gələn mövsüm əsas heyətdə olacaq. Slavik Alxasova gəlincə, onu Mustafa Dənizli istəmişdi. Bu, o demək deyil ki, tək bununla kifayətlənəcəyik. Rəşad Sadiqov kimi ölkədə öz sözünü demiş futbolçunu transfer etmişik. Legionerlər də komandaya gələcək. “Xəzər Lənkəran”ın adına layiq futbolçuları heyətə qatmaq istəyirik. Bir neçə namizəd də  var və onlar arasında seçim ediləcək.

 

- “Neftçi”dən icarəyə götürdüyünüz Alxasov “Xəzər Lənkəran”dan ayrılmaq istəmirdi. O, həqiqətən “Neftçi”yə məxsusdur, yoxsa sərbəst futbolçudur?

- Slavik qışda “Xəzər Lənkəran”a keçdikdən sonra özünü yaxşı tərəfdən göstərə bilmədi. Mövsüm bitdikdən sonra onunla qarşılıqlı şəkildə müqaviləni pozduq. O, bizim komandaya gəlməmişdən öncə “Neftçi”yə məxsus idi. Biz Alxasovu istəyəndə etiraz etmədilər. Slavik özü də etiraz etmədi və komandamıza gəldi. İndi də biz öz növbəmizdə onun “Neftçi”nin tamhüquqlu futbolçusu olmasına etiraz etmədik. Onlara bu barədə məktub da göndərmişik. Bizim Alxasovla heç bir bağlılığımız yoxdur. İndi mən deyə bilmərəm ki, bu futbolçu bu kluba məxsusdur ya yox. Sadəcə, biz onun sabiq komandasına keçidinə etiraz etmədik. O, “Xəzər Lənkəran”a icarə əsasında gəlməyib. Bizim kluba məxsus idi.


- Əzəli rəqibiniz “Neftçi”dən daha bir futbolçu komandanızın düşərgəsindədir. Rəşad Sadiqov artıq “Xəzər Lənkəran”ın Türkiyədəki toplanışında iştirak etsə də, hələlik onun transferi barədə rəsmi açıqlama yoxdu...
- Rəşadla da, onun klubu ilə də razılıq əldə olunub. Müqavilə imzalamaq məsələsinə gəlincə, burda bir neçə mərhələ var. Futbolçu fiziki müayinədən, sənədlər AFFA-dan qeydiyyatdan keçməlidir. Bütün bu işlər görüldükdən sonra rəsmən hər şey açıqlanır. Yəni, Rəşadla bağlı problem yoxdur. O, “Xəzər Lənkəran”ın futbolçusudur. Hər halda, elə olmasa idi, Türkiyədəki təlim-məşq toplanışına qatılmazdı.
 

- Baş məşqçiniz “Bakı”dan Rauf Əliyevi “Xəzər Lənkəran”da görmək istədiyini bildirmişdi. Onun komandanıza gəlməsi nə dərəcədə realdır? Əliyevə görə “Bakı”nın sizdən 500 min dollar istəməsi doğrudur?

- Yox. Çətin Azərbaycan çempionatında mübarizə aparan 5-6 yerli futbolçunun adını bizə vermişdi. Siyahıda gənclər də var, milli komandanın təcrübəli futbolçuları da. Rəşad Sadiqov və Aleksandr Şemonayev komandaya qatılıb. Rauf Əliyevlə maraqlanmamışıq desək, düzgün olmaz. Baş məşqçinin də istədiyi futbolçudur. “Bakı” rəsmiləri ilə əlaqə saxladıq. Bizə dedilər ki, iyunun sonuna kimi vaxt verin. Komanda bir yerə yığışsın və baş məşqçi Milinko Pantiç futbolçular barədə qərarını versin. Əgər Əliyev transferə çıxarılsa, “Xəzər Lənkəran”la danışıqlara başlanılacaq. Amma pul söhbəti olmayıb.

 

- Çətinin braziliyalı hücumçu Junior Nildonu komandada görmək istəmədiyi məlumdur. “İnter” onun transferi üçün sizə müraciət etmişdi. Amma klub prezidenti Georgi Nikolov Nildoya görə “Xəzər Lənkəran”ın yüksək məbləğ tələb etdiyini bildirib...

- Düzdü, “İnter” Nildonu  rəsmən istəmişdi. Onunla Birləşmiş Ərəb Əmirliklərinin çempionatında oynayan bir klub da maraqlanırdı. Bilirsiniz, futbolçunu hər hansı klub istəyə bilər. Amma onun da həmin kluba keçmək istəyib-istəmədiyi də önəmlidir. “İnter” bizim onlara verdiyimiz şərtləri qəbul etmədi və bu transfer alınmadı. BƏƏ-dən olan klubla da Nildo özü anlaşa bilmədi. İndi o, “Xəzər Lənkəran”dadır və çıxışını burda davam etdirir.

 

-  Seleksiyaçı məşqçiniz Mario Souza hazırda vətəni Braziliyada dünya çempionatının oyunlarını izləyir. Onun mundialda forma geyinən futbolçulardan birini komandaya gətirməsi mümkündürmü?

- Hər şey ola bilər. Yeri gəlmişkən, vaxtilə bizim komandada oynamış Rendall Brenes dünya çempionatında iştirak edir. Qış “transfer pəncərəsi” zamanı İran millisinin qapıçısı Mustafa Dənizliyə təklif olunmuşdu. Amma o, seçimini Vyekoslav Tomiç üzərində etmişdi. Hazırda həmin futbolçu mundialda 2 oyun keçirib. İstisna deyil ki, belə bir futbolçu komandamızda olsun.

 

- Çətin “Samsunspor”da oynayan nigeriyalı yarımmüdafiəçi Aminu Umarı “Xəzər Lənkəran”da görmək istədiyini və adını rəhbərliyə təqdim etdiyini bildirib. Onun komandanıza keçidi reallaşa bilər?

- Souza baş məşqçiyə 3 futbolçu təklif edib. Onlar seleksiyaçı məşqçimizin neçə ay ərzində izləyib, seçdiyi futbolçulardır. Bu futbolçuları da Oğuz Çətin təsdiqləyib və təlim-məşq toplanışına dəvət etməyə razılıq verib. Onlardan ikisi bu gün və ya sabah heyətə qoşulacaqlar. Onların xaricində heç bir futbolçunun adı bizə təqdim olunmayıb. İndiyə kimi Türkiyədə çıxış edən heç bir futbolçunun adı transfer siyahısında yoxdur.

 

- Təlim-məşq toplanışının ikinci mərhələsini hansı ölkədə keçirəcəksiniz?

- Sloveniyada. Hazırlığın ikinci mərhələsini bu ölkədə keçirəcəyik. Ora iyulun 6-da yollanıb 29-da geri dönəcəyik. Bu il onsuz da avrokuboklarda oynamırıq. Çempionata rahat şəkildə hazırlaşa bilərik.

 

Elsevər MƏMMƏDOV

0